Şair, nə tez qocaldın sən...
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir.
Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.